YEPİSKOP VLADİMİR FEKETE 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK EDİB

20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə BBMM-nin icraçı direktoru Rəvan Həsənov, Azərbaycanın dini icmalarının rəhbərləri və nümayəndələri, ictimaiyyət nümayəndələri, iştirak ediblər.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete tədbirin mövzusu ilə bağlı çıxış edib.
“İmanlı insanlar kimi biz hər zaman şəri öz adı ilə adlandırmalıyıq. Azərbaycan xalqının başına gətirilən Qanlı Yanvar faciəsi böyük bir şər idi. Lakin, eyni zamanda, hər bir imanlı insan bilir ki, Allahın iradəsi və bəsirəti istənilən şərə qalib gələ bilər və hətda onu daha böyük xeyirdua alətinə çevirə bilər. O qanlı gecədə yeni azad Azərbaycan doğuldu.
Biz bu gün o faciənin qurbanlarının ruhuna dua edirik, onların yaxınlarına Allahdan təsəlli və səbr diləyirik. Eyni zamanda o çətin dövrdə xalqın yanında olan, öz müdrikliyi ilə daha ağır hadisələrin qarşısını alan Azərbaycanın ziyalılarına, ictimayyyət xadimlərinə, dini liderlərinə də minnətdarlığımızı bildiririk”-, yepiskop Vladimir Fekete öz çıxışında vurğulayıb.