YEPİSKOP VLADİMİR FEKETE: ALLAH PAPA XIV LEOYA DAİM YOL GÖSTƏRSİN VƏ ONA XEYİR-DUA VERSİN

2025-ci il mayın 8-i Katolik Kilsəsinin tarixinə Həvari Peterin varisi və Ümumdünya Kilsəsinin Başçısı olan 267-ci Roma Yepiskopunun seçildiyi gün kimi düşəcək. Vatikanda keçirilən konklav üçün toplaşan kardinallar konklavın ikinci günündə son bir neçə il ərzində Yepiskoplar üzrə Dikasteriyaya rəhbərlik etmiş kardinal Robert Fransisk Prevo-nu Roma Papası seçdilər. Yeni Papa özünə Leo adını seçdi.

Mediadan öyrəndiyimiz kimi, Müqəddəs Ata XIV Leo 1955-ci il sentyabrın 14-də ABŞ-ın Çikaqo bölgəsində anadan olub, Avqustin Ordeninə daxil olub və iki müddət ərzində Ordenin General Prioru vəzifəsində xidmət edib. Perudakı missiyada xidmət edərkən, Papa Fransiskin qərarı ilə Çiklayo yeparxiyasının yepiskopu rütbəsinə yüksəlib. Daha sonra Papa Fransisk onu Romaya çağırdı və yeni yepiskopların təyin edilməsi prosesində Papaya kömək edən Vatikan Dikasteriyasının prefekti təyin etdi. Bu vəzifədə o, kardinal rütbəsinə yüksəldi.

Kilsə yeni Papanın simasında, dini həyatda, Allaha səmimi və fədakarlıqla xidmət etmək istəyənləri mənəvi cəhətdən dəstəkləməkdə zəngin təcrübəyə malik ruhani çobanı əldə etdiyinə görə Rəbb Allaha təşəkkür edirik. Biz həmçinin onun missioner qəlbinə görə və Müjdəni bütün xalqlara təbliğ etmək şövqünə görə təşəkkür edirik.

Gəlin birlikdə dua edək ki, Kilsə yeni seçilmiş Papanın müdrik rəhbərliyi altında İncili səylə yaymağa və xristianlar arasında birliyi möhkəmləndirməyə davam etsin. Gəlin dua edək ki, Kilsə öz nüfuzu ilə dialoqa, yoxsulluğun azaldılmasına və hərbi münaqişələrin sona çatmasına töhfə versin.

Müqəddəs Ata Leonun seçildikdən dərhal sonra dilədiyi Məsihin sülhü yer üzündə hökm sürsün və  bölünmələrdən ağrı və əziyyət çəkən bəşəriyyəti birləşdirsin.

Müqəddəs Ata, Sizin üçün Rəbb Allaha şükür edirik və dua edirik ki, Sizin sözləriniz və fədakar həyat nümunəniz təkcə imanlıların deyil, həm də dünya siyasətçilərinin, eləcə də imansızların qəlbinə toxunsun və xidmətiniz yer üzündə çox arzulanan sülhə töhfə versin!

Bakı, 9 may 2025-ci il

Yepiskop Vladimir Fekete