YEPİSKOP VLADİMİR FEKETE ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK EDİB
Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə Anım Gününün 5-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Anım günü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilib və hər il sentyabrın 27-də, 44 günlük Vətən Müharibəsinin başladığı gün qeyd olunur.
Konfransda ənənəvi dini konfessiyaların rəhbərləri və nümayəndələri, Milli Məclisin deputatları, ictimai xadimlər iştirak ediblər. Tədbirdə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete çıxış edib:
“İlk növbədə, icazə verin, Qarabağ müharibəsində həlak olan hərbçilərin və qurbanların Anım Günü münasibətilə şəxsən öz adımdan və Azərbaycanın katolik xristianları adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verim. Rəhmli və Mərhəmətli Allah bütün həlak olanların ruhunu rəhmət eləsin.
Bu gün biz hərbi əməliyyatlar zamanı yaxınlarını itirənlərlə həmrəy olduğumuzu bildiririk. Dinc əhali arasından həlak olanların xatirəsi bizim qəlbimizdə xüsusi ağrı doğurur.
Müqəddəs Həvari Paul Romalılara Məktubunun dördüncü fəslində bizi yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən “imanlıların atası” kimi yüksək ehtiramla anılan İbrahimin surətinə baxmağa dəvət edir. Müqəddəs Paul İbrahim haqqında belə yazır: “Heç bir ümid olmadığı halda o, ümidlə inandı” (Rom 4, 18). İbrahimin imanı və ümidi ona insan faniliyinə cəsarətlə qalib gəlməyə və həyatı Allahla birlikdə əbədiyyət perspektivində görməyə imkan verir.
Yüz illər boyu müharibənin şərinə və itkilərin acılığına tab gətirmək üçün ən təsirli təsəlli və mənəvi güc mənbəyi məhz Allaha belə iman və dua olub. Buna görə də, biz Azərbaycanın xristianları olaraq, imanda “ kök salıb və möhkəmlənib” (Kol 2, 7a), müsəlman və yəhudi qardaşlarımızla birlikdə şahidlik edirik ki, son söz ölümə deyil, həyata aiddir və biz bu həyat sözünü ilə bu günlərdə həlak olanların xatirəsini yad edənlərin hamısına müraciət edirik. Müqəddəs İncildə deyildiyi kimi, Allah ölülərin deyil, dirilərin Allahıdır.
Hər il sentyabrın 27-də Azərbaycanda Katolik Kilsəsi müharibə zamanı həlak olanlar üçün, kədər içində olanlara təsəlli, yaralıların şəfası üçün xüsusi dualar edir. Və təbii ki, dualarımızın qəlbində regionumuzda daimi sülh diləyi dayanır. O sülh ki, təkcə hərbi münaqişənin olmaması deyil, həm də düşmənçiliyin sonu və mərhəmət, bağışlama və ədalətə əsaslanan barışığın təzahürü olacaq.
Qoy Rəhmli və Mərhəmətli Allah həlak olanlara əbədi bəxtiyarlıq bəxş etsin, xalqımızın hər bir göz yaşını silsin, Azərbaycana sülh bəxş etsin!”





