Yepiskop Vladimir Fekete Atırau Apostol Administraturasında Böyük Oruc rekoleksiyalarını keçirdi
Atırau (Qazaxıstan) Apostol Administraturasının ordinarisi ata Peter Sakmarın dəvəti ilə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete 17–18 mart tarixlərində Administraturanın keşişləri və rahibləri üçün Böyük Oruc rekoleksiyalarını keçirdi. Ruhani məşğələlərin əsas mövzuları qəlbin paklığına dair Müqəddəs Kitabda olan Bəxtiyarlıq buyruğu — «Nə bəxtiyardır qəlbi təmiz olanlar, çünki onlar Allahı görəcəklər» (Matta 5, 8), eləcə də papa Fransiskın keşişin ürəyinin beş xüsusiyyəti barədə düşüncələri olmuşdur. Bu düşüncələr papa Fransiskin Ars keşişi, müqəddəs İohann Mariya Vianneyin vəfatının 160-cı ildönümü münasibətilə keşişlərə ünvanladığı məktuba əsaslanır.
Səfəri çərçivəsində yepiskop Vladimir Fekete həmçinin Müqəddəs Yağların təqdisi Messasına (Missa Chrismatis) başçılıq etmişdir.
Atırau Apostol Administraturası — mərkəzi Atırau şəhərində yerləşən və Müqəddəs Məryəm Arxiyeparxiyasına tabe olan Roma-Katolik Kilsəsinin qurumudur. Onun ərazisi Aktöbe, Qərbi Qazaxıstan, Manqistau və Atırau vilayətlərini əhatə edir. Administratura, Azərbaycan Apostol Prefekturası kimi, Mərkəzi Asiya Katolik Yepiskopları Konfransına daxildir.



























