YEPİSKOP VLADİMİR FEKETE AZƏRBAYCAN RESPUBLİKASININ I VİTSE-PREZİDENTİNƏ TƏBRİK MƏKTUBUNU GÖNDƏRİB
26 avqust – Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günüdür.
Bu münasibətlə Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti, yepiskop Vladimir Fekete Mehriban xanım Əliyevaya təbrik məktubunu göndərib.
Təbrikdə deyilir:
İcazə verin, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının ruhaniləri və əməkdaşları adından, eləcə də ölkəmizin bütün katolikləri adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim!
Siz ölkənizə fədakar xidmətiniz sayəsində təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da səmimi sevgi və hörmət qazanmısınız.
Sizin müdrik və həssas rəhbərliyiniz altında böyük uğurla həyata keçirilən çoxsaylı sosial və mədəni layihələr Azərbaycanı həm öz xalqının, həm də digər xalqların mənəvi və milli dəyərlərinə dərin hörmət bəslədiyi yüksək mədəniyyət ölkəsi kimi dünyada tanınmasına imkan verir.
Bu gün biz, Azərbaycanın dini liderləri, ölkəmizi müxtəlif beynəlxalq məkanlarda təmsil edərək, Azərbaycan cəmiyyətində dini etiqad azadlığının, dinlərarası dialoq və əməkdaşlığın, tolerantlıq mədəniyyətinin və multikulturalizmin Sizin misilsiz töhfə və səyləriniz nəticəsində yüksək səviyyədə olmasına qürur və sevinclə şəhadət veririk.
Azərbaycanda Katolik Kilsəsinin ehtiyaclarına fəal qayğı göstərdiyinizə və Sizdən aldığımız dəstəyə görə Sizə səmimi qəlbdən təşəkkür edirik.
Doğum gününüz münasibətilə Sizə və qəlbinizə əziz olan hər kəsə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın və onun çoxmillətli, çoxkonfessiyalı xalqının rifahı naminə fəaliyyətinizdə bol uğurlar arzulayıram.
Sizə və ailənizə Bir Olan Yaradanımızın xeyir-duasını diləyirəm! Uca Allah Sizi qorusun!
Dərin hörmətlə,
Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti,
Yepiskop Vladimir Fekete”
