YEPİSKOP VLADİMİR FEKETE AZƏRBAYCAN DİN XADİMLƏRİNİN II FORUMUNDA İŞTİRAK EDİB

24.12.2025
Bakı Konqress Mərkəzində “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzüsunda Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub. Əvvəlki ildə olduğu kimi, bu genişmiqyaslı tədbirdə ölkənin bütün dini icmaların rəhbərləri və nümayəndələri, eləcə də dövlət və ictimai xadimlər iştirak edib. Qonaqlar arasında Türkiyə, Özbəkistan və Qazaxıstandan müvafiq dövlət və dini qurumların nümayəndələri də var idi.
Forumun işində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete iştirak edib və forumun “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” adlı II panel sessiyasında “Təhsil və maarif sahələrində süni intellektin istifadəsinin mənəvi aspektləri – Katolik Kilsəsinin baxışı” mövzusunda məruzə ilə çıxış edib.
Yepiskop Vladimir Fekete qeyd edib ki, Katolik Kilsəsi bu sahədəki texnoloji tərəqqini xristian antropologiyası, insan ləyaqəti və mənəvi məsuliyyət prizmasından dəyərləndirir. V. Fekete Kilsənin süni intellekti təhlükə kimi deyil, əxlaqi rəhbərliyə ehtiyac duyan bir vasitə kimi gördüyünü vurğulayıb. Təhsil və maarif sahəsində süni intellekt yalnız vasitə olaraq qalarsa, məqsəd halına gəlməzsə və mərkəzdə həmişə Allah tərəfindən yaradılmış, həqiqətə, azadlığa və sevgiyə çağırılmış insan şəxsiyyəti dayanarsa, insanın inkişafına xidmət edə biləcəyini bildirib.