YEPİSKOP VLADİMİR FEKETE AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN BELÇİKA KRALLIĞINA SƏFƏRİNDƏ İŞTİRAK EDİB

06-07.03.2025
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Belçika Krallığında səfərdə olub. Səfərin məqsədi “Belçika və Avropada İslam Dünyası İli” çərçivəsində Belçika Kralı Filipin himayəsi altında, Avropa İnkişaf və Araşdırma Akademiyası (EDARA), İSESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak etmək olub.
Martın 6-da Avropa Parlamentində dinlərarası və sivilizasiyalararası münasibətlərin dərinləşdirilməsinə dair yüksək səviyyəli dəyirmi masa keçirilib. Avropa Parlamenti adından Azərbaycandan olan nümayəndə heyəti Xristian Demokrat Partiyasının üzvü Vouter Beke tərəfindən qəbul edilib. Tədbirdə Azərbaycanın dini konfessiyalarının rəhbərləri – QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Dağ Yəhudiləri İcmasının sədri Melih Yevdayev və Alban-Udi Xristian İcmasının sədri Rober Mobili, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Avropa Parlamentinin nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev iştirak ediblər.
Martın 7-də Brüsseldəki Avropa Mətbuat Mərkəzində “Multikulturalizm modelləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Avropa İnkişaf və Tədqiqat Akademiyasının (EDARA) sədri Brahim Laitus, BBMM-nin icraçı direktoru R.Həsənov,QMİ-nin sədri Şeyxülislam A.Paşazadə, Azərbaycanda Katolik Kilsəsinin başçısı yepiskop V.Fekete, Azərbaycan Dillər Universitetinin rektoruç professor K. Abdullayev və başqaları iştirak ediblər.
Azərbaycan katoliklərin başçısı mons. Vladimir Fekete konfransın ikinci panelində çıxış edib.
“Biz istər dini, istərsə də humanitar xarakterli fəaliyyətimizi müvafiq qurumların və ictimai təşkilatların etimadı və dəstəyi ilə azadlıq şəraitində həyata keçiririk. Katolik Kilsəsi öz imkan və səlahiyyətləri daxilində cəmiyyətin inkişafına, yeni nəsillərdə müsbət əxlaqi-mənəvi dəyərlərin, sülh və quruculuq niyyətinin tərbiyəsinə töhfə verməyə çalışır. Həmçinin, biz digər dini icmalara mənsub bacı-qardaşlarımızla, ilk növbədə, xristianlarla birlikdə təəssüf ki, tez-tez qərəz və ədalətsiz stereotiplərin obyektinə çevrilən Azərbaycan haqqında obyektiv məlumatları çatdırmağa çalışırıq. Mən şəxsən çox sevinirəm ki, cənab Prezident və hakimiyyət orqanları cəmiyyətdə ənənəvi dəyərlərin, o cümlədən dini dəyərlərin qorunub saxlanılmasının vacibliyini başa düşür və yeni nəsillər məhz bu ruhda yetişdirilir.
Biz gələcəyə böyük ümidlə baxırıq və Rəbbə şükür edirik ki, Allahı səmimi qəlbdən axtaran hər kəslə iman xəzinəsini və İncili bölüşərək Azərbaycan torpağında Rəbbə və insanlara xidmət edə biklirik.”,-
deyə yepiskop Vladimir Fekete vurğulayıb.