YEPİSKOP VLADİMİR FEKETE BAKI TOLERANTLIQ EVİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

16 noyabr, Beynəlxalq Tolerantlıq Günündə, Azərbaycanın paytaxtında Qafqaz Müsəlmanlarının Başçısı Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və ölkənin ənənəvi dini icmalarının dəstəyi ilə yaradılmış unikal muzey mərkəzi – Tolerantlıq Evinin açılışı olub.
Muzeyin ekspozisiyası islam, xristianlıq və yəhudiliyin müqəddəs kitablarının nadir nüsxələrindən, ibadət əşyalarıdan, ölkənin ənənəvi dini icmalarının ibadət geyimi nümunələrindən, həmçinin Azərbaycanda dinlərarası qarşılıqlı əlaqələr və dövlət-din münasibətləri mövzusunda fotosərgisidən ibarətdir.
Muzeyin açılış mərasimində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete iştirak edib.
Ölkənin dini liderləri Bakı Tolerantlıq Evinin dinlərarası harmoniyanın və multikulturalizmin Azərbaycan modelinin bariz nümunəsinə çevriləcəyinə əminliklərini ifadə ediblər.
Tədbirin sonunda Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri daimi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra hörmətli qonaqlar muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.