YEPİSKOP VLADİMİR FEKETE BEYNƏLXALQ BİBLİYA GÜNÜNÜN QEYD OLUNMASINDA İŞTİRAK EDİB

23.11.2023

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Azərbaycan Bibliya Cəmiyyəti tərəfindən Beynəlxalq Bibliya Günü münasibətilə təşkil olunmuş bayram gecəsində iştirak edib.

Tədbirdə həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, ölkənin xristian icmalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Yepiskop Vladimir Fekete tədbirdə çıxış edərək Bibliyanın onun həyatındakı rolu haqqında şəxsi şəhadətini bayram axşamının iştirakçıları ilə bölüşdü.

“Müqəddəs Kitab mənim gündəlik bələdçimdir. Tanrının Özü onun vasitəsilə mənimlə danışır, gözlərimi və ürəyimi açır. Mən Bibliyada öz suallarıma və başqa insanların problemlərinə cavab axtarıram və tapıram. O, məni ruhlandırır və gücləndirir. Mən hər kəs üçün dua edir və arzulayıram ki, mənim bu sözlərimə inanıb, Allahın qüdrət və gücünün bu möcüzəsini həyatınızda tam yaşayasınız. Sən, qardaşım və sən, bacım. Allahın bu ölçüyəgəlməz nemətinə görə Ona həmd və şükürlər olsun. Amin.”,- çıxışının sonunda yepiskop Vladimir Fekete bildirib.