YEPİSKOP VLADİMİR FEKETE BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİB

05.05.2026
Azərbaycan Dillər Universitetində Azərbaycan xalqının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Forumun işində Milli Məclisin deputatları, Almaniya, Türkiyə, Pakistan, Moldova və Özbəkistandan olan alimlər, ölkədə fəaliyyət göstərən dini və etnik icmaların rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Tədbirdə həmçinin Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete iştirak etmiş və konfransın mövzusuna həsr olunmuş məruzə ilə çıxış etmişdir.
“…Qeyd etmək lazımdır ki, multikulturalizm Azərbaycan cəmiyyətinin xüsusiyyəti kimi süni şəkildə yaradılmış konstruksiya deyildir. Onun dərin tarixi kökləri vardır, lakin məhz Heydər Əliyevin dövründə multikulturalizm ardıcıl dövlət siyasəti xarakteri qazanmışdır. Mürəkkəb postsovet dövrü, daxili qeyri-sabitlik və xarici münaqişələr şəraitində Heydər Əliyev dini və etnik müxtəlifliyə hörmətə əsaslanan cəmiyyətin təməlini qoymağa nail olmuşdur. Ümummilli liderin özünün vurğuladığı kimi: “Azərbaycan çoxmillətli respublikadır… biz bununla fəxr edirik və bütün xalqların və dinlərin bərabərhüquqlu həyat sürməsi üçün şərait yaradacağıq”. Bu mövqe yalnız bəyanat olaraq qalmamış, siyasi, qanunvericilik və ictimai aktlarda öz praktik təcəssümünü tapmışdır. Məhz bunun sayəsində ölkədə bu gün beynəlxalq səviyyədə tanınan və öyrənilən tolerantlıq modeli formalaşmışdır…” — deyə yepiskop Vladimir Fekete məruzəsində qeyd etmişdir.