YEPİSKOP VLADIMIR FEKETE DAŞKƏNDDƏ MƏRKƏZİ ASİYA KATOLİK YEPİSKOPLARI KONFRANSININ PLENAR İCSASINDA İŞTİRAK EDİB

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete aprelin 10-dan 14-dək Özbəkistanın Apostol Administraturasının İdarəsində (Kuriyasında) keçirilən Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının (MAKYeK) plenar iclasında iştirak edib.

Konfransın iclasında həmçinin Monqolustanın apostol prefekti kardinal Corcio Marenqo, Özbəkistanın apostol administratoru yepiskop Yeji Matsuleviç, Qazaxıstan yepiskopları Tomaş Peta, Afanasiy Şnayder, Adelio d’Oro, Yevgeniy Zinkovskiy, Xose Luis Mumbiella Sierra, Qazaxıstanda bizans adəti katoliklərin ordinaris keşiş Vasiliy Qovera, Atırau vilayətinin apostol administratoru keşişi Peter Sakmar, Qırğızıstanın apostol administratoru keşiş Entoni Korkoran, Türkmənistanda “missio sui iuris” ordinarisi keşiş Anjey Madey iştirak ediblər.

Konfransın plenar iclasının əsas məqsədi Konfransın iştirakçıları olan Yerli Kilsələrdə pastoral qayğı, katexizasiya və sinodal yolun tətbiqi ilə bağlı aktual məsələlərin, həmçinin ümumkilsə məsələlərin müzakirəsi olmuşdur.

Aprelin 13-də, şənbə günü Yerli Kilsələrin rəhbərləri Özbəkistan Müsəlmanları Mərkəzi İdarəsində olub,  İdarə sədrinin müavinləri tərəfindən qəbul ediliblər. Görüş zamanı Konfrans iştirakçıları Özbəkistanın müsəlman icmalarının tarixi və müasir həyatı ilə tanış olublar.

Konfrans iclasının iştirakçıları Özbəkistan Pravoslav Yeparxiyasının başçısı Daşkənd və Özbəkistan mitropoliti Vinsentini Yeparxiya İdarəsində ziyarət ediblər.

Aprelin 14-də, Pasxa bayramının III Rəbb Günündə Konfrans iclasının iştirakçıları Özbəkistanın Apostol Administraturasının kafedral kilsəsi olan İsanın Əqdəs Qəlbi kilsəsində Müqəddəs Messa ibadəti keçiriblər. Müqəddəs Messaya Monqolustanda Katolik Kilsəsinin apostol prefekti kardinal Corcio Marenqo başçılıq edib. İbadətdən sonra katolik icmaların rəhbərləri kilsənin imanlıları ilə görüşüb.

MAKYeK-nın üzvü olan katolik icmalarının sinodal prosesin həyata keçirilməsinə birgə töhfəsi olaraq, bu mövzuda Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının onlayn iclasının hazırlanması və keçirilməsi qərara alınıb.

MAKYeK-nın payız iclası bu ilin sentyabrında Astanada keçiriləcək. Bu görüşdə Rusiya və Belarusun katolik yepiskoplarının da iştirakı gözlənilir.