YEPİSKOP VLADİMİR FEKETE ƏZABLAR CÜMƏSİ LİTURGİYASINA BAŞÇILIQ EDİB

Əzablar Cüməsi, İsanın yer üzündəki həyatının son günü, Onun Çarmıxa çəkilərək öldüyü və bütün dünyanın günah əsarətindən azad olunduğu gündür. Kilsənin qədim ənənəsinə görə, bu gün Müqəddəs Messa keçirilmir, lakin üç hissədən ibarət olan Rəbbin Əzablarının Xatirəsi ibadəti həyata keçirilir: Söz Liturgiyası, Çarmıxa ehtiram və Yevxaristiyanın qəbul edilməsi.

Aprelin 18-də Bakı şəhəri Müqəddəs Məryəm kilsəsində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Feketenin başçılığı ilə Müqəddəs Cümə Liturgiyası keçirilib. Kilsənin liturgiya qaydalarına əsasən, ruhanilər və ministrantlar kilsəyə tam sükutla daxil oldular, bundan sonra bu gün örtüyü və şamları olmayan qurbangaha ehtiramını bildirərək, yepiskop Vladimir Fekete və onu ibadət zamanı müşayiət edən keşişlər qurbangah qarşısında üzüqoylu səcdə etdilər. Bu liturgiya jestinin ikili mənası var: o, həm Rəbb İsa Məsihin Çarmıx Qurbanına dərin ehtiramı, həm də Allahın insan günahının və zəifliyinin zülmətinə endiyini  ifadə edir, çünki  xidmət zamanı hər bir keşiş Məsihin Özünü təmsil edir. Giriş duasından sonra Liturgiyanın birinci hissəsi – Söz Liturgiyası başladı. Onun mərkəzində İncildən Rəbbin Əzabları hekayəsi durur.

Söz Liturgiyası 10 müraciətdən ibarət ümumi dua ilə başa çatdı: Müqəddəs Kilsə haqqında; Papa haqqında; ruhanilərin və imanlıların bütün dərəcələri haqqında; katexumenlər haqqında; xristianların birliyi haqqında; yəhudilər haqqında; Məsihə inanmayanlar haqqında; Allaha inanmayanlar haqqında; dövlətləri idarə edənlər haqqında; ehtiyacı olanlar haqqında.

Sonra ibadətin ikinci hissəsi başladı – Müqəddəs Çarmıxa  ehtiram. Çarmıx kilsəyə gətirildi və ibadət iştirakçıları növbə ilə diz çökərək Çarmıxa ehtiram etdilər.

Liturgiyanın sonunda Əqdəs Ənamlar ehtiram və dua üçün Rəbbin Məzarına köçürüldülər.