YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN RƏBBİN SON ŞAM SÜFRƏSİNİN XATİRƏSİ MESSASINDA MÖİZƏSİ – FOTO

Əziz bacılar və qardaşlar,
Rəbbin Son Şam Süfrəsinin xatirəsi ibadəti ilə biz Müqəddəs Pasxa Üçgünlüyünə daxil oluruq.
İndicə eşitdiyimiz oxunuşlar bugünkü bayramın və ümumiyyətlə, Pasxa bayramının mahiyyətini bizə açır.
Çıxış kitabından olan birinci oxunuş qədim yəhudilər üçün Pasxa bayramının əhəmiyyətini izah edir. Bu bayram ölüm və yeni həyat təcrübəsi ilə əlaqəli idi.
Yəhudilərin Pasxa bayramında qurban kəsdikləri və təntənəli şəkildə yedikləri quzu, Allahın Misir əsarətindən qurtuluş gecəsində Seçilmiş Xalqını necə qoruduğunu xatırladırdı. Bu qurban yəhudilərə xatırlatmalı idi ki, Misirlilərin ilk oğullarının ölümü o vaxta qədər qul olan yəhudilər üçün yeni həyatın başlanğıcı oldu.
İsanın – Həqiqi Quzunun Qurbanı biz xristianlar tərəfindən hər gün Müqəddəs Messa zamanı qurbangahda yaşanılır. Bütün bəşəriyyəti ən pis ölümdən: səbəbi günah olan əbədi ölümdən xilas edən əsl Pasxa məhz orada baş verir.
Son Şam Süfrəsinin anıldığı bu xüsusi gündə biz Allahın hər birimizə olan sonsuz məhəbbətini xatırlaya bilərik. Bu böyük məhəbbətinə görə O sənin üçün, qardaşım və sənin üçün, bacım hər gün Öz canını verir ki, sən də günahın ölümündən Onun Müqəddəs Ruhunda yeni həyata keçə biləsən.
Müqəddəs Paulun Korinflilərə məktubundan olan ikinci oxunuş İsanın Evxaristiyanı nə vaxt və necə təsis etdiyini və Yevxaristiyanın xristian həyatının esxatoloji ölçüsü ilə sıx bağlı olduğunu xatırladır. Bunun mənası nədi?
Bu o deməkdir ki, Məsihin ölümünü və dirilməsini ifadə edən Yevxaristiya Sirri qeyd olunduqda, İsanın şagirdlərinə qayıdacağını vəd etdiyini də xatırlamaq lazımdır.
Buna görə də, hər bir ibadətdə biz Onun göyə qalxdığı kimi qayıdacağı haqda vədinə diqqət yetirməliyik.
Bu həqiqəti, xüsusən də bu gün, Müqəddəs Cümə Axşamı günü necə xatırlamaya bilərik?
Bu həqiqət bizə həm adi günlərdə, həm də bayramlarda Rəbbin bizimlə olduğunu başa düşməyə kömək edir və bir gün bütün gözləntilərimizi yerinə yetirmək üçün gələcəyini xatırladır.
Bu gün Müqəddəs Yəhyanın İncilindən oxuduğumuz parça bizə bir sualın cavabını təklif edir: şəxsi uğurun və xoşbəxtliyin sirri nədir?
Bu inanılmaz səslənir, lakin İsanın təliminə görə insanın bütün istəklərinin həyata keçməsi bir sözdə cəmləşib: xidmət etmək.
Bu o deməkdir ki, İsadan nümunə götürərək, sən, qardaşım, və sən, bacım, qarşılığında heç bir şey gözləmədən sənə məxsus olan nəyisə – vaxtını, başqa bir insana diqqətini, yaşadığın məkanı, və ya qabiliyyətlərini qurban verməyə hazır olanda sənin həyatın möcüzəvi şəkildə gözəlləşir. Məsihin həyatı kimi sənin də həyatın Yevxaristiyaya, yəni ənama və şükranlığa çevrilir.
Rəbb bizi Bəxtiyarlıq Əmrlərinə uyğun yaşamağa cəhd etməyə səsləyir. Necə ki Onun ən yaxın dostları cəhd etmişdilər.
Məsihin sonsuz məhəbbətini bütün ürəyinizlə daddıqdan sonra ondan imtina etmək mümkün olmayacaq. Qardaşım, bacım, sən də həqiqətən istəsən xoşbəxt ola bilərsən və sənin nümunən səni təqlid etmək istəyənləri xoşbəxt edə bilər.
Bizi qidalandıran Yevxaristiya Sirri və İsanı Müqəddəs Sirrlərdə, xüsusən də Onun Bədəninin və Qanının Sirrində bizə gətirən keşişlərin xidməti bu gün bizi ilk növbədə bu ənamlar üçün Allaha şükür etməyə çağırır. Eyni zamanda, bu, hər birimizə sözdə deyil, əməldə sevməyə, harada yaşayırıqsa orada xidmət edərək, kim üçün yaşayırıqsa onlara xidmət edərək sevməyə çağırışdır.
Allah bu işdə bizə həmişə kömək olsun. Amin.