YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN ANIM GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİRDƏ ÇIXIŞI
Sentyabrın 29-da Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Xatırladaq ki, Anım Günü Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilib və hər il sentyabrın 27-də qeyd olunur.
Azərbaycandakı Katolik Kilsəsinin Apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri tədbirdə çıxış etmişdir:
“Hörmətli Şeyx Həzrətləri,
Hörmətli dini və ictimai təşkilatların nümayəndələri, əziz qonaqlar,
27 sentyabr Azərbaycanda Anım Günü elan edilmişdir. Həmin gün bizim fikirlərimiz, dualarımız Qarabağ müharibəsində vətəni üçün canından keçən şəhidlərlə idi.
Qoy Uca Allah onlara rəhmət eləsin və ruhları əbədi nura boyansın!
Bu gün biz həmçinin qazilərə ehtiramımızı bildiririk. Onlara göstərdikləri şücayətə, səbrə və doğma ölkələrinə olan məhəbətə görə dərin təşəkkür edirik.
Qoy Rəbbimiz döyüşlər zamanı yaxınını itirən hər kəsə təsəlli bəxş etsin, yaralılara tezliklə şəfasını göndərsin.
Azərbaycan – çoxkonfessiyalı və çoxmillətli ölkədir. Bəzi şərniyyətli çevrələr düşünürdülər ki, bu bizim ölkənin zəifliyi ola bilər və bu müxtəliflikdən istifadə edərək insanların milli və dini hissləri ilə oynamaq olar. Lakin hər şey əksinə oldu. Azərbaycan cəmiyyəti təhlükə qarşısında həmrəylik göstərdi. Ulu Öndər Heydər Əliyev tez-tez deyərdi: “çoxmillətlik və çoxkonfessiyalıq bizim sərvətimizdir”, və, müxtəlif millətlərin və dini etiqadların nümayəndələri bu kəlamın nə qədər doğru və haqlı olduğunu bir daha bütün dünya qarşısında sübut etdilər.
Azərbaycanda yaşayan həm yerli, həm xarici katoliklərin Azərbaycan üçün necə narahat olduğunu, bu torpaqlarda sülhün və ədalətin bərpa olunması üçün necə ürəkdən dua etdiyini görmək mənim üçün Azərbaycanda Katolik Kilsəsinin yepiskopu olaraq çox fərəhli idi.
Buna yalnız şüarlarla nail olmaq olmaz. Bu həqiqi, canlı təcrübə, qaşılıqlı anlam və qarşılıqlı hörmət ab-havası tələb edir. Yalnız bu şərtlərlə müxtəlif dünya görüşünə sahib olan insanlar bir araya gələ bilər və bir birilərinin, şəhidlər haqda xəbərlər gələndə ağrısına, xoş xəbərlər gələndə isə sevincisə şərik ola bilər. Bütün bu şərtlər Azərbaycanda təmin olunub, və bu cəmiyyətimizdə nifaq salmaq niyyətində olanlara ən gözəl cavabdır.
Müharibə Azərbaycan üçün işğal olunan torpaqların qaytarılması ilə nəticələndi, yüz minlərlə insanlar nəsillər boyu yaşadıqları yerlərə qayıtmaq ümidini əldə etdi. Bu gün qarşımızda bu torpaqlarda dinc həyatı bərpa etmək məqsədi durur. Əminəm ki, müharibə zamanı olduğu kimi, sülhün bərpası zamanı da Azərbaycanın gücü onun cəmiyyətinin birliyi olacaq, müsəlman, xristian, yahudilərin və digər dünya görüşünə sahib olanların vəhdəti olacaq.
Ədalətin bərpası üçün bu qədər yüksək qiymət ödəyən bir ölkənin sakinləri olaraq, gələcək nəsillər qarşısında dayanıqlı sülh qurmaq bizim öhdəliyimizdir. Bunun üçün bütün resurslara sahibik: ölkə rəhbərliyinin güclü iradəsi, hakimiyyət və xalqın birliyi, cəmiyyətdə vəhdət və həmrəylik.
Qoy bu gün müharibədə həlak olanların ruhunu əmanət etdiyimiz sonsuz mərhəmət sahibi olan Allah bizə yardım etsin ki, biz bütün gücümüzlə Azərbaycanda sülhün və firavanlığın bərqərar olmasına xidmət edək!
Diqqətiniz üçün təşəkkür edirəm”.