YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN MÜQƏDDƏS ALİ HƏVARİLƏR PETER VƏ PAULUN BAYRAMI GÜNÜNƏ OLAN MÖİZƏSİ – 29 İYUN 2023-CÜ İL
Müqəddəs həvarilər Peter və Paul bir-birindən çox fərqli idilər, fərqli xarakterli insanlar idilər. Lakin onları birləşdirən dəyər, yəni Məsihə olan məhəbbət, bütün fərqlərdən, müqaisəolunmaz dərəcədə güclü idi. Bu məhəbbət və hər şeydən əvvəl İsa Məsihin Özü onlara tamamilə fərqli yollarla aşkar edilmişdi, lakin Allahın Oğlunun cazibəsi o qədər böyük idi ki, sadə balıqçı olan, gündəlik ağır əməyə öyrəşmiş ailəli Peter və bir vaxtlar Kilsənin qəddar təqibçisi olan, parlaq təhsilli farisey Pavel, Allahın Oğlu kimi tanıdıqları Məsih naminə hər şeyi tərk etməyə hazır idilər. İsanın “Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?” Peterin “Sən var olan Allahın Oğlu Məsihsən” cavabı onların yeni həyatının əsası oldu. Və biz Məsihdə bu yeni həyata yalnız bu təməl üzərində başlaya bilərik, özümüz də “mənim üçün İsa Məsih kimdir?” sualına səmimi cavab versək. Bəlkə də, xristian yolumuzun əvvəlində, hər şey yeni olanda, biz Məsihin bizim üçün kim olduğuna daha əmin idik və Allahın Oğluna rast gəlməyimizi dərk edərək qəlblərimiz “alovlanırdı”. Lakin insanlar arasındakı münasibətlərdə, xüsusən də ailələrdə tez-tez baş verdiyi kimi, ilk məhəbbətin alovu getdikcə sönür və bu da təbiidir, çünki insan hansısa hisslə, hətta bu dini bir hiss olsa belə, daima “yana” bilməz, əks o çox tez “külə” çevrilər. Nəyi və nə qədər hiss etdiyimiz önəmli deyil. Əhəmiyyətli odur ki, zehnimiz həmişə hisslərlə bəzənilməsə də, daim bizə “İsa mənim üçün kimdir?” sualına düzgün cavab versin: İsa – Məsihdir, Var olan Allahın Oğludur! Mənim həyatımda bu həqiqətdən daha vacib bir şey yoxdur və ola da bilməz, necə ki müqəddəs Peter və Paulun həyatında da belə idi.
Məsih onları yaşadıqları qaranlıq, qəddar, bütpərəst dünyaya iman işığını, Müjdənin işığını gətirmək üçün seçdi. Həm Peter, həm də Paul qaranlığı işıqdan üstün tutan insanlardan çox əziyyət çəkməli oldular. Onlar şəhid oldular, lakin Məsihin qüdrəti ilə, imanlarının gücü ilə həmin o dünyanı dəyişdirməyə, orada işıq, sevgi, əxlaq üçün bir yer tapmağı bacardılar. Biz deyə bilərik: “Bəli, lakin onlar xüsusi insanlar idi, Məsih tərəfindən seçilmiş həvarilər idilər”. Bəs biz Məsih tərəfindən seçilməmişikmi? Məsihlə görüşdükdən və müqəddəs vəftizdə Ona bürünməkdən sonra biz Onun həvariləri olduq, O bizi də, bir vaxtlar Peter və Paulu kimi, pul, güc, şəhvət kimi yalançı “tanrıların” hələ də hökm sürdüyü bu dünyaya Onun Nurunu gətirməyə çağırır. Bu asan deyil. Müqəddəs həvarilər üçün də asan deyildi. Bu gün ikinci oxunuşda müqəddəs Paul öz həyatına nəzər salaraq, öz sonunu gözləyərək gözəl və çox təsirli sözlər deyir: “Mən yaxşı mübarizə apardım, yolumu bitirdim, imanı saxladım”. Həvarilər fövqəlbəşər deyildilər, günahsız deyildilər, onlar iman yolunda çoxlu büdrəmələrdən keçdilər, lakin öz güclərini Məsihdən alırdılar. Məsihə imanı saxlamaq əsas vəzifədir və ruhani həyatımızda etdiyimiz hər şeyi bu məqsəd naminə etməliyik: Var olan Allahın Oğlu Məsihə imanı saxlamaq üçün. Gəlin bu gün, xüsusən də Müqəddəs Yevxaristiyadan sonra Allahdan xahiş edək ki, müqəddəslər Peter və Paulun şəfaəti ilə bizə belə bir iman bəxş etsin və onu ən qiymətli mirvari kimi saxlamağa kömək etsin. Amin.
