YEPİSKOP VLADİMİR FEKETE: “HƏYAT ÇİRAĞIMIZ ALLAHIN MƏRHƏMƏT YAĞI İLƏ DOLU OLMALIDIR”
1 aprel, Müqəddəs Çərşənbə günü, paytaxtın baş katolik kilsəsi olan Müqəddəs Məryəm kilsəsində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətlərinin başçılığı ilə Yağların Təqdis Edilməsi Messası keçirildi. Bu Messa hər il Müqəddəs Həftə çərçivəsində xüsusi ayin və təntənə ilə keçirilir. Keşişlərin və imanlıların öz yepiskopları ilə birliyinin rəmzi olaraq, ibadət zamanı yepiskop Vladimir həzrətlərini Azərbaycandakı Apostol Prefekturasının bütün ruhaniləri müşayiət etdilər.
Həmçinin, qədim katolik ənənəsinə uyğun olaraq, Yerli Kilsənin keşişləri həmin gün öz keşişlik andlarını yepiskoplarının və bütün imanlıların qarşısında yenilədilər.
Yepiskop Vladimir Fekete keşişlərə və ibadətdə iştirak edən imanlılara vəz ilə müraciət etdi.
“Yunan dilində «elaion» — yağ sözü qədim dövrlərdən bəri «eleos» — mərhəmət sözü ilə əlaqələndirilirdi. Həqiqətən, təqdis olunmuş yağ həmişə müxtəlif sakramentlərdə təzahür edən Allahın mərhəmətinin nişanəsidir. Buna görə də keşişliyə məsh olunmaq həm də insanlara Allahın mərhəmətini və lütfünü çatdırmaq vəzifəsi deməkdir. Bu vəzifəni yerinə yetirə bilmək üçün həyat çırağımızın həmişə Allahın lütf yağı, mərhəmət yağı ilə dolu olması üçün qayğı göstərməliyik. Keşiş qardaşlarım, bu yağı hər gün Rəbdən almağa çalışın — şəxsi duada, Onun Kəlamı və Onun Müqəddəs Sirləri ilə görüşdə” – deyə, yepiskop Vladimir Fekete öz vəzində qeyd edib.













































































