YEPİSKOP VLADİMİR FEKETE “HEYDƏR ƏLİYEV – 100: ULU ÖNDƏR VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR” KONFRANSINDA İŞTİRAK EDİB “
Konfransda Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri və nümayəndələri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R. Həsənov, Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan əvvəl iştirakçılar Ümummilli liderin Fəxri xiyabanda məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete konfransın mövzusu ilə bağlı çıxış edib.
«…Xalqının mənəvi ənənələrinə sadiq qalan Heydər Əliyev tolerantlıq və multikulturalizm ideyalarının həyata keçirilməsinin böyük tərəfdarı idi. 2002-ci ildə Roma Papası II İohann Paveli Bakıda salamlayan Heydər Əliyev bu sözləri demişdi: “Zati-Müqəddəsləri, iki gün sizinlə təmasda olan, ibrəti kəlamlarınızı dinləyən hər bir azərbaycanlı Sizin timsalınızda yer üzündə insan ömrünün necə yaşanmalı olduğu haqqında daha dərindən düşünəcəkdir.” Bu sözlər Heydər Əliyevin II İohann Pavelin həyatı ilə təcəssüm etmiş xristian mənəviyyatına dərin şəxsi ehtiramını göstərir. Heydər Əliyevin sayəsində Azərbaycan dünyada nadir ölkələrdən birinə çevrilib ki, burada dini müxtəlifliyin qorunub saxlanılması və möhkəmləndirilməsi dövlət siyasətinin tərkib hissəsidir.”, – yepiskop Vladimir Fekete öz nitqində qeyd edib.

