YEPİSKOP VLADİMİR FEKETE İFTAR MƏCLİSİNDƏ İŞTİRAK EDİB
Martın 4-də, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında Ramazan ayı münasibətilə ənənəvi iftar süfrəsi təşkil olunub.
İftar mərasimində Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, Milli Məclisin deputatları, eləcə də ictimai xadimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti yepiskop Vladimir Fekete Şeyxülislam Allahşükür Paşazadəyə dəvətə və göstərilən ənənəvi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bir olan Uca Yaradana iman insanları birləşdirir və bunun bariz nümunələrindən biri də hər il Qafqaz Müsəlmanları İdarəsi və Şeyxülislam Allahşükür Paşazadə tərəfindən təşkil olunan iftar məclisləridir.
Yepiskop Vladimir Fekete vurğulayıb ki, Azərbaycanda hökm sürən dinlərarası sülh və qarşılıqlı hörmət müxtəlif münaqişələrdən əziyyət çəkən dünya üçün mühüm nümunədir.





