YEPİSKOP VLADİMİR FEKETE İFTAR MƏRASİMİNDƏ İŞTİRAK EDİB
Martın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.
İftar mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Əli Əhmədov, millət vəkilləri, Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri, diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, ictimayyət və mədəniyyət xadimləri iştirak edib.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete iftar mərasimində çıxış edərək, Azərbaycan xalqını qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik edib.
“Hər il olduğunu kimi, bu il də Şeyxülislam həzrətləri, ona məxsus qonaqpərvərliklə bizi öz igamətgahında qəbul edir. Mən öz adımdan və Azərbaycan katolikləri adından Şeyx həzrətlərini və bütün müsəlman bacı və qardaşları qarşıdan gələn Razaman bayramı münasinətilə ürəkdən təbrik edirəm.
Bu il müsəlmanların Ramazan Orucu ilə xristianların Pasxa öncəsi Oruc dövrü eyni aya təsadüf edir. Oruc, həm xristianlıqda, həm islamda, Allah ilə və yaxınlarımız ilə münasibətlərin bərpa edilməsi məqsədini daşıyır. Bu mübarək zaman ərzində biz daha böyük şövq ilə dua edirik və diqqətimizi ətrafımızda olan insanların ehtiyaclarına yönəldirik. Oruc, dua və sədəqə bizi bir birimizə yaxın edən mənəvi və ruhani dəyərlərdir.”- deyə, yepiskop Vladimir Fekete öz çıxışında vurğulayıb.
Sonda, Azərbaycanın apostol prefekti şeyxülislam A. Paşazadəyə Müqəddəs Taxt-Tacın Dinlərarası münasibətlər üzrə Dikasteriyasının Ramazan Bayramı ilə bağlı dünya müsəlmanlarına müraciətini təqdim etdi.


