YEPİSKOP VLADİMİR FEKETE MƏRKƏZİ ASİYA KATOLİK YEPİSKOPLARI KONFRANSININ IV PLENAR İCLASINDA İŞTİRAK EDİB
2025-ci il aprelin 28-dən mayın 4-dək Astana şəhəri Əqdəs Bakirə Məryəm arxiyeparxiyada, Ozyornoye-dakı Sülhün Mələkəsi Milli ziyarətgahında Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının IV Plenar iclası keçirilmişdir. İclasda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın yepiskopları və ordinariləri iştirak ediblər. Plenar iclasın işində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete iştirak edib. İclasın açılış hissələrində Müqəddəs Taxt-Tacın Qazaxıstan, Qırğızıstan və Tacikistanda apostol nunsisi, arxiyepiskop Corc Panamtundil iştirak etmişdir.
Mərkəzi Asiyanın yepiskopları və ordinariləri mərhum Papa Fransiskin ruhu üçün və Peterin yeni xələfini seçmək üçün mayın 7-də keçiriləcək konklavda iştirak edəcək Müqəddəs Katolik Kilsəsinin kardinallarına Müqəddəs Ruhun göndərilməsi üçün dua ediblər.
Ümumi iclaslar zamanı Katolik Kilsəsinin regiondakı həyatı və missiyası ilə bağlı əsas məsələlərə baxılıb və müzakirə edilib. Qazaxıstan Yepiskoplar Konfransının rəsmi qeydiyyatı, sinodallığa həsr olunmuş Sinodda iştirak, Sülhün Mələkəsi Müqəddəs Məryəmin Mərkəzi Asiyanın əsas Səmavi Hamisi elan edilməsi, eləcə də Ozyornoye-dakı Sülhün Mələkəsi ziyarətgahının beynəlxalq dini zəvvarlıq mərkəzi kimi təyin edilməsi, Karaqanda şəhəri Yeparxiyalarararası Ali İlahiyyat Seminariyasının fəaliyyətinin perspektivləri, o cümlədən onun Pamplonadakı (İspaniya) Navarra Katolik Universiteti ilə affiliasiyasının mümkünlüyü müzakirə edilib.
Mərkəzi Asiyanın Katolik İnformasiya Xidmətinin inkişafına və regionun müasir mədəni və sosial-siyasi reallığı kontekstində müjdələmə və pastoral xidmətin digər mühüm aspektlərinə də xüsusi diqqət yetirilib.
Mayın 3-də Astanada Mərkəzi Asiyanın katolik ordinarilərinin Rus Pravoslav Kilsəsinin nümayəndələri ilə görüşü olub. Astana və Qazaxıstan mitropoliti Aleksandrın adından katolik nümayəndə heyəti arximandrit Sergiy tərəfindən qəbul edilmişdir. Bu görüş qardaş dialoqun və xristian birliyinin dərinləşməsi yolunda mühüm addım idi. Ertəsi gün, mayın 4-də ordinarilər imanlılarla birlikdə Astanadakı Əqdəs Bakirə Məryəm arxiyeparxiyasının kafedral kilsəsində , ümumi dua üçün toplaşaraq Allahdan xeyirdua, bütün region xalqlarına sülh və birlik diləyiblər. Mərkəzi Asiyanın yerli kilsələrinin rəhbərləri bütün imanlıları sülh ənamı, tövbə ruhu, qarşılıqlı bağışlanma və anlaşma üçün dua etməyə, yaralı dünyanı Sülhün Mələkəsi Məryəmə əmanət etməyə çağırdılar.




















