YEPİSKOP VLADİMİR FEKETE MÜQƏDDƏS TORPAQDA SÜLH ÜÇÜN DİNİ AYİN KEÇİRİB
Müqəddəs Torpaqda dinc əhali arasında çoxsaylı insan tələfatı ilə nəticələnən genişmiqyaslı silahlı toqquşmalar ilə əlaqədar Yerusəlimin (Qüdsün) Latın Patriarxı kardinal Pierbattista Pizzaballa Patriarxlığın prixodlarına və rahib icmalarına sülhün bərqərar olması naminə dua və oruc tutmaq çağırışı ilə müraciət edib.
Oktyabrın 15-də Papa Fransisk Angelus duasını oxuduqdan sonra zəvvarlara müraciət edərək, bütün imanlıları Müqəddəs Torpaqdakı Kilsəyə qoşulmağa və 17 oktyabr, çərşənbə axşamı gününü sülh naminə dua və oruc tutmağa həsr etməyə çağırıb.
“Dua nifrətin, terrorizmin və müharibənin şeytani gücünə qarşı duran zərif və müqəddəs qüvvədir” deyə Müqəddəs Ata qeyd edib.
Oktyabrın 17-də Roma Papası Fransiskin və Yerusəlim (Qüds) Latın Patriarxlığının çağırışına cavab olaraq, Azərbaycan katolikləri Müqəddəs Torpaqda və müharibələrin və münaqişələrin baş verdiyi hər yerdə sülhün tezliklə bərqərar olması üçün dua etmək niyyətilə Bakı şəhəri mqd. Məryəm kilsəsinə toplaşdılar. Sülh və barışıq üçün keçirilən Müqəddəs Messaya Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete başçılıq edib.
Yepiskop həzrətləri imanlılara vəz ilə müraciət edərək, dedi:
“Son günlərdə baş verən faciəli hadisələr hamımızı dərindən sarsıtdı. Çoxsaylı qanlı müharibə və terror mərkəzlərinə Müqəddəs Torpaq da əlavə edildi. Biz, katoliklər, İsa Məsihin yaşadığı, təlim verdiyi, əzab çəkdiyi, öldüyü, həm də ölümdən dirildiyi yerləri Müqəddəs Torpaq deyə adlandırırıq. Son on gündə həmin torpaq qanayan və hədsiz iztirablar diyarına çevrilib.
Bu ağrılı vəziyyətin asan həlli yoxdur. Buna görə də, Kilsə bu gün bütün yaxşı niyyətli insanları oruc tutmağa və sülh üçün dua etməyə çağırır. Çünki Rəbb belə buyurmuşdur: “Elə şər var ki, onu ancaq dua və oruc ilə qovmaq olar.
Biz imanlı insanlar olaraq mühakimə etməyə tələsməməliyik. Xeyir və şər milli sərhədlərlə müəyyən edilmir. Xeyirlə şər arasındakı xətt hər bir insanın ürəyindən keçir. Şərin və nifrətin vəsvəsəsinə nə qədər müqavimət göstərə bilsək, yaxşılığa nə qədər açıq olsaq, sülh və barışıq ümidimiz bir o qədər aydın olar.
Qoy mərhəmətli Allah bütün yaralara şəfa versin, imanımızı gücləndirsin və bizə bu çətin vəziyyətdən çıxış yolu göstərsin. Amin”










