YEPİSKOP VLADİMİR FEKETE QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNDƏ KEÇİRİLƏN ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİB

Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin sədrliyi ilə 20 Yanvar qanlı faciəsinin 35 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri, dövlət, din və ictimayyət nümayəndələri iştirak ediblər. Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete tədbirdə çıxış etmişdir.
“Həmin qanlı gecədən 35 il keçdiyinə baxmayaraq, 20 yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının qəlbində bugün də yaşayır. O faciəvi hadisələr zamanı həlak olanlar Şəhidlər Xiyabanında dəfn olunub və mənim üçün çox əlamətdar haldır ki, Şəhidlər Xiyabanı bugün adicə memorial kompleksi deyil, paytaxtın canlı mənəvi mərkəzidir. Buraya təkcə o dövrün şahidləri yox, gənc ailələr, yeniyetmələr, uşaqlar gəlir. Bu o deməkdir ki, insanlar həmin tarixi qəlblərində yaşadırlar və beləliklə Vətənə məhəbbətdə böyüyürlər. Təəsüf ki, bir sıra inkişaf etmiş ölkələrdə Vətənə məhəbbət və sədaqət dəyərləri cəmiyyətin təfəkküründən silinir. Bu çox məyusedici tendensiyadır. Çünki hər şey ailədən başlayır. Ailə dəyərləri ilə vətənpərvərlik bir medalın iki tərəfidir. Şükür Rəbbə ki, Azərbaycanda bu dəyərlər yaşadılır və gələcək nəsillərə ötürülür. Eyni zamanda, 20 yanvar faicəsini yada salaraq, biz o günlərdə xalqı ağır təxribatlardan qorumaq üçün bütün səylərini əsirgəməyən Azərbaycanın dini liderlərinə, başda şeyxülislam Allahşükür Paşazadə həzrətləri olmaqla, minnətdarlığımızı bildirməliyik.”-, deyə, yepiskop Vladimir Fekete öz çıxışında vurğulayıb.