YEPİSKOP VLADİMİR FEKETE RƏBBİN SON ŞAM SÜFRƏSİNİN XATİRƏSİ MESSASINI KEÇİRİB
17 APREL – RƏBBİN SON ŞAM SÜFRƏSİNİN XATİRƏSİ, MÜQƏDDƏS PASXA ÜÇGÜNLÜYÜNÜN BAŞLANMASI
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Rəbbin Son Şam Süfrəsinin xatirəsi Messasını keçirib. İbadət zamanı, yespikop həzrətlərini Prefekturanın general vikarisi ata Yozef Marek, Müqəddəs Məryəm kilsəsinin baş keşişi ata Martin Bonkalo və Allahın Əqdəs Validəsi prixodunun keşişləri müşayiət ediblər.
Kilsənin qədim ənənəsinə görə, Məsihdən nümunə götürərək, yepiskop Vladimir Fekete 12 imanlının ayaqlarını yudu.
Ata Yozef Marek imanlılara moizə ilə müraciət etdi.
“Rəbb Öz məhəbbətinin əlaməti olaraq şagirdlərinin ayaqlarını yuyur, onlara təvazökar xidmət nümunəsi verir. Amma ürəyində günah və xəyanət olan şəxsə zahiri yuyulma kömək etməyəcək. Əsl təmizlənmə yalnız günahlara görə səmimi peşmançılıq və tövbə ilə, İlahi Mərhəmətə güvənməklə mümkündür”, – deyə, ata Yozef Marek vurğuladı.
Liturgiyanın sonunda Müqəddəs Ənamlar təntənəli şəkildə “zindana” köçürüldü.













