YEPİSKOP VLADİMİR FEKETE VYANA ŞƏHƏRİNDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

İyunun 24-də Vyana şəhərinin “Hoffburq” sarayında Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin birgə təşkilatçılığı ilə “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi”  mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransın işində müxtəlif ölkələrdən olan siyasət və hakimiyyət təmsilçiləri, elm, mədəniyyət və din xadimləri, dilomatik korpus nümayəndələri və  KİV-in əməkdaşları iştirak etmişlər.

Konfransda Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Fariz Rzayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdulla, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi vəzifəsinin icraçısı Elham Şeyni, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin və digər ictimai xadimlər açılış nitqləri söyləyiblər.

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete konfransda məruzə ilə çıxış edib. O, Azərbaycanda multikulturalizmin və dinlərarası qarşılıqlı hörmətin və əməkdaşlığın tarixi əsasları, ölkə rəhbərliyinin  bu sahədə apardığı uğurlu siyasətin prinsipləri, dünyada mövcud olan dinlərarası gərginliyin aradan qaldırılmasında Azərbaycan təcrübəsi və nümunəsindən istifadə etmək  imkanlarından söz açıb.

“…Azərbaycanlıların keçmişdə yaşadıqları mürəkkəb və qeyri-müəyyən tarixi proseslərə, bir çox ədalətsizliklərə və qanlı faciələrə baxmayaraq, onlar Allaha inamını və dünyaya açıqlığını qoruyub saxlayıblar və əməkdaşlığa yönümlüdürlər… Demək istərdim ki, Azərbaycan bir sıra müasir analitiklərin bütün pessimist proqnozlarına baxmayaraq, dinlərarası sülhün mümkünlüyünün bariz nümunəsidir. Bunun üçün bu sahədə aparılan siyasət xalqın formalaşdığı mənəvi ənənəni nəzərə alaraq, vicdan və etiqad azadlığının təmin edilməsi ilə bərabər aparılmalıdır. Bunu bizə Roma Papası Fransisk, bütün fərqlərə baxmayaraq, ortaq mənşəli və vahid mənəvi kodu paylaşan bəşəri ailə olduğumuzu şüurumuzda tələzələməyə çağıran ümumbəşəri qardaşlıq təşəbbüsləri ilə çıxış edərək, hər dəfə xatırladır.”, – Vladimir Fekete çıxışında qeyd edib.

Konfransın sonunda mons. Fekete “REAL-TV” telekanaləna müsahibə verib.

Konfrans çərçivəsində, həmçinin “Azərbaycanın multikultural kimliyində dini irs” mövzusunda sərgi təşkil olunub. Sərginin açılışında şeyxülislam Allahşükür Paşazadə, səfir Rövşən Sadıqbəyli və yepiskop Vladimir Fekete çıxış ediblər.

Sərgidə Azərbaycanda dinlərarası və mədəniyyətlərarası tolerantlığı əks etdirən fotolar nümayiş etdirilib. Tədbir iştirakçıları əsrlər boyu eyni torpaqda yaşayan Azərbaycanın müsəlman, pravoslav, protestant və katolik xristian və yəhudi icmaları haqqında silsilə fotoreportajlarla tanış olublar.