YEPİSKOP VLADİMİR FEKETE YAĞLARIN TƏQDİS EDİLMƏSİ MESSASINA BAŞÇILIQ EDİB – FOTO

Martın 27-i, Müqəddəs Çərşənbə günü paytaxtın baş katolik kilsəsi olan Müqəddəs Məryəm kilsəsində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri Yağların Təqdis Edilməsi Messasına başçılıq edib.
Bu Messa ildə bir dəfə Müqəddəs Həftədə xüsusi ayinlə və böyük təntənə ilə keçirilir.
Ölkə keşişlərin və imanlıların yepiskopları ilə birliyin rəmzi olaraq ibadət zamanı yepiskop Vladimir həzrətlərini Azərbaycanda Apostol Prefekturasının bütün ruhaniləri müşayiət edib.
Həmçinin həmin gün, qədim katolik ənənəsinə görə, Yerli Kilsənin keşişləri öz yepiskopunun və bütün imanlıların qarşısında keşişlik andlarını yenilədilər.
“Hələ seminariyada oxuyarkən biz tez-tez özümüzə sual verirdik – keşiş kimdir, keşişlik xidmətinin mahiyyəti nədir? Mənə elə gəlir ki, birinci oxunuşda Yeşaya peyğəmbərin kitabından eşitdiyimiz fraqment bizim bu sualımıza cavab verir: “Rəbb Məni məsh etdi ki, fəqirlərə müjdəni bildirim, qəlbi sınıq olanların yaralarını sarıyım, əsirlərə azadlıq, dustaqlara sərbəstlik elan edim”. Peyğəmbər bizə göstərir ki, keşiş olmaq Allah tərəfindən çağırılmaq, bütün insanlara sevinc və xilas müjdəsini çatdırmaq üçün Kilsə tərəfindən çağırılmaq deməkdir. Ancaq bu yalnız keşişin özü Allahla dərin ünsiyyətdə yaşadığı zaman mümkündür. Siz yalnız özünüz azad olduğunuz zaman əsirlərə azadlığı elan edə bilərsiz. Keşiş korların gözlərini açır, , lakin bunun üçün onun gözləri, ağlı və ürəyi o qədər saf olmalıdır ki, o, öz ruhani baxışları ilə Allahı görə bilsin, Onu eşidə bilsin, həmçinin bu dünyanı təhrif etmədən görə bilsin”, – yepiskop Vladimir Fekete öz xütbəsində qeyd edib.