YEPİSKOP VLADİMİR FEKETE ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN TƏDBİRDƏ İŞTİRAK EDİB

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün bərpasının ikinci ildönümünə həsr olunmuş konfransda iştirak edib.
Tədbirə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri başçılıq edib.
Forumda ölkənin ənənəvi dini konfessiyalarının rəhbərləri, Vətən Müharibəsi qaziləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə yepiskop Vladimir Fekete çıxış edib.
“Çox hörmətli Şeyx-ül-islam Allahşükür Paşazadə həzrətləri,
Hörmətli din xadimləri, hörmətli tədbir iştirakçıları,
İlk növbədə, icazə verin, Azərbaycan katolikləri adından və şəxsən öz adımdan Azərbaycan xalqını Zəfər Günü, 30 ilə yaxın işğal altında olan torpaqların Azərbaycana qayıdışı ilə nəticələnən 44 günlük Vətən Müharibəsinin başa çatması günü münasibətilə təbrik edim.
Bu qələbə hər bir Azərbaycan vətəndaşı üçün əzizdir, çünki o, Azərbaycan xalqının qəhrəmanlığını, mətanətini, birliyini nümayiş etdirdi.
Düz deyirlər ki, tarix həyatın müəllimidir. Məhz buna görə ölkə tarixinin şanlı və parlaq səhifələrinin daha da ədalətli və ahəngdar dünya qurmaq üçün ilham mənbəyinə çevrilə biləcəyi yeni azərbaycanlı nəsillərinin yetişdirilməsində xalq yaddaşı böyük əhəmiyyət kəsb edir. Biz məhz belə bir gələcək naminə: sülh və əmin-amanlıq, Azərbaycanın azadlığı, ərazi bütövlüyünün bərpası naminə canlarından keçənlərin şücaətini xatırlamalıyıq.
Bu gün dualarımız şəhid olan bütün əsgərlərin, eləcə də işğalın və onun nəticələrinin qurbanı olmuş bütün mülki şəxslərin ruhu üçün Bir olan Yaradana ucalır. Qoy Rəbb onları Öz Nurunda qəbul etsin və əbədi bəxtiyarlıq bəxş etsin. Biz həmçinin mərhumların ailələrini yad edir, Uca Yaradandan onlara Səmadan təsəlli göndərməsini, göz yaşlarını silməsini və onlarda ümid çırağının yandırmasını diləyirik.
Müstəqilliyini bərpa etdiyi gündən Azərbaycan çətin, dramatik bir yol keçib və başına gələn faciələrə, o cümlədən tez-tez ədalətsiz rəftar hallarına baxmayaraq, Azərbaycan xalqı həm ölkə daxilində, həm də başqa dövlətlər və xalqlarla münasibətlərdə sülh və əmin-amanlıq arzusunu qoruyub saxlayıb.
Milli birliyin daha bir canlı sübutu bugünkü tədbirimizdir ki, burada çoxlu dindarları təmsil edən ölkənin ənənəvi dini icmalarının rəhbərləri milli bayramı – Zəfər Gününü birlikdə qeyd edirlər.
Hörmətli tədbir iştirakçıları,
Biz dini liderlər olaraq dua və kəlam ilə, əbədi ilahi həqiqətlərə söykənərək, keçmişin ağrılarının sağalmasına öz töhfəmizi verməli, regionumuzda barışın və etimadın bərpası yollarının axtarışında dövlətə və cəmiyyətə kömək etməliyik. Bu çətin işdir, çünki yaralar hələ təzədir, xüsusən qarşı tərəf sülhə hazırlıq nümayiş etmədiyi halda. Amma iman əhli olaraq biz bilirik ki “İnsan üçün qeyri-mümkün olan Allah üçün mümkündür”. Ona görə də ölkəmizdə və bütün regionda sülh duasına sadiq qalmaq borcumuzdur.
Qoy Uca Allah Azərbaycanda və bütün Cənubi Qafqazda sülh və əmin-amanlıq naminə bütün işlərimizdə bizə kömək olsun.
Allah Azərbaycanı qorusun!”