YEPİSKOP VLADİMİR FEKETEYƏ “DOSTLUQ” ORDENİ TƏQDİM EDİLİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikasında Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edilib.
Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yepiskop Vladimir Feketeyə ordeni təqdim edib.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov yepiskop Vladimir Feketeni yüksək dövlət təltifinə layiq görülməsi münasibətilə təbrik edib. Dövlətin dini icmalara göstərdiyi diqqətin əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmizdə dini müxtəlifliyin, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi həssaslıqla yanaşılır. Bütün dinlərin nümayəndələrinə bərabər imkanlar yaradılıb, ibadət yerlərinin tikintisi və bərpası, dini icmaların sərbəst fəaliyyəti üçün hərtərəfli dəstək verilir.
Yepiskop Vladimir Fekete fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olan dövlət təltifinə layiq görüldüyünə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkəmizdə katolik icmasına yaradılan şəraitin dini tolerantlıq nümunəsi kimi beynəlxalq miqyasda da təqdir edildiyini vurğulayıb və bundan sonra da dini həmrəyliyin möhkəmləndirilməsi üçün çalışacağını qeyd edib.