YEPİSKOPUMUZUN ORUCLA BAĞLI MÜRACİƏTİ
AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ,
YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN
2020-Cİ İLİN BÖYÜK ORUCU İLƏ BAĞLI MÜRACİƏTİ
Sevimli bacılar və qardaşlar!
Böyük Oruc artıq başlanıb. Liturgiya ilinin bu dövrü Rəbbimiz İsa Məsihin Dirilməsi Bayramına mənəvi hazırlıq zəmanəsidir. Qədim kilsə ənənəsi bizə cismani, lakin ilk növbədə mənəvi oruc tutmağı bir qayda kimi təqdim edir, bu isə o deməkdir ki, müəyyən şəkildə özümüzdən keçərək (məsələn, yeməklərdə məhduduyyət qoymaqla), biz eyni zamanda daha fəal, daha dərin dua və ibadətə, ehtiyacda olan yaxınlarımıza mərhəmət etməyə çağırılırıq.
Katolik Kilsəsinin oruc ilə bağlı birmənalı və təxirəsalınmaz qaydalar toplusu yoxdur. Ona görə ki, Kilsə Onun sadiq övladlarının müxtəlif sosial və digər şərtlər altında yaşadıqlarını bilir. Lakin Kilsə bizim hər birimizin vicdanına səslənir və bizi mənəvi yüksəlişin üç əsas şərtinə əməl etməyə çağırır– dua, sədəqə və oruc, bununla da biz ümumən Kilsəsin mənəvi rifahına tövhə verə bilərik.
Millətlərin arasına İncilin bəyan edilməsi Konqreqasiyasının prefekti (başçısı), kardinal Luis Taqlenin təşəbbüsü ilə, 2020-ci il bir çox yeparxiya və icmalarda Allahın Kəlamı (Müqəddəs Yazı) ili elan edilib (https://c-b-f.org/en/DeiVerbiAnnus)
Biz də, Apostol Prefekturası olaraq, bu təşəbbüsə qatıldıq. Allahın Kəlamı (Müqəddəs Yazı) İli bizim icmada Advent dövrünün ilk Rəbbin Gününə, yəni 29 noyabr 2020-ci il tarixinə kimi davam edəcək.
Öz müraciətimdə, əziz bacılar və qardaşlar, mən sizə Böyük Oruc dövrünün mənalı keçirilməsi üçün müxtəlif yollardan bir neçəsini təklif etmək istərdim ki, səylərimiz bizim üçün Allahın lütfünü əldə etsin və biz Pasxa Bayramına mənəvi cəhətdən yenilənmiş gələk.
Aşağıda göstərilənlərə Böyük Orucdan sonra da əməl etmək olar.
SƏDƏQƏ
– Oruc zamanı hər gün ətrafımızda olan insanlar ilə xoş sözü və ya təbəssümüzü paylaşmaq
– Vaxtımızı başqaların ehtiyaclarına sərf etmək (ailəmiz ilə daha çox vaxt keçirmək, xəstələrə baş çəkmək, Tereza Ananın Mərhəmət Bacılarının evində bacı-qardaşlarımıza xidmət etmək və s.)
– “Kərpicik” layihəsinə və ya hansısa ehtiyacı olan müəyyən insana imkan daxilində dəstək olmaq (“Kərpicik” layihə haqqında bizim könüllülərdən və ya rahibə bacılardan soruşa bilərsiniz)
DUA
– Hər səhər, azı 10 dəqiqə, Müqəddəs Yazıdan ilham alaraq dua etmək (məsələn, “Slovo s nami” aylıq jurnaldan istifadə edərək).
– Hər axşam, axşam duasından sonra və ya yuxuya getməkdən öncə vicdanın sınamasına özünü öyrəşdirmək.
– Həftə ərzində, Rəbbin Günlərindən əlavə, heç olmasa bir dəfə kilsəmizi ziyarət etmək.
– Əhdi-Ətiqin hikmətli kitablarından birini oxuyub bitirmək (Zəbur, Süleymanın Məsələləri, Vaiz)
– Bu il ərzində bütün Əhdi-Cədidi oxuyub bitimək.
ORUC
– Oruc zamanı tam olaraq (və ya məhdudiyyət qoymaqla) hansısa pis vərdişdən (siqaret çəkmək, spirtli içki qəbul etmək və s) və ya hansısa asılılıqdan (internet, oyunlar, sosial şəbəkələr, televizor və s.) imtina etmək
– Qıybətdən və şər atmaqdan uzaq durmaq, insanlarda yaxşı keyfiyyətlər görməyə çalışmaq və onlar haqqda danışmaq.
– Ətdən və ət məhsullarından imtina edərək ənənəvi cümə orucuna əməl etmək.
Sevimli bacılar və qardaşlar,
Bu oruc məşğələlərini sizə təklif edərək, mən ümid edirəm ki, onlardan heç olmasa biri siz tərəfdən özünüz, ailəniz və ya qrupunuz üçün seçiləcək. Sizə daha vacib və faydalı olanın, vicdanla əməl edəcəyinizin üzərində dayanın.
Allahın Kəlamına həsr olunmuş bu il ərzində ayda heç olmasa bir dəfə bərabər toplantılarımızda Müqəddəs Yazı ilə qurduğumuz münasibətlər haqqda, Allahın şəxsən bizə ünvanlanan Səsini Müqəddəs Yazının hansı hissəsində eşitdiyimiz haqqda, Yazı bizi nə ilə zənginləşdirdiyi haqqda bir birimizlə bölüşsək – bunun bizim üçün çox böyük faydası olar.
Müqəddəs Avqustin belə deyib: Müqəddəslik – xırda məsələ deyil, ancaq ona aparan yol xırda məsələlərdə sadiq olmaqdan keçir.
Mən arzu edirəm ki, siz, həyatınızın bu kəsiyində sizin üçün xüsusi məna daşıyan belə “xırda məsələləri” dərk edəsiniz və sizə Allahın lütfünü diləyirəm ki, bu “xırda məsələləri” müqəddəslik uğrunda apardığınız mübarizənizə daxil edəsiniz.
Qoy Allahın Kəlamı olan Müqəddəs Yazı və Ali-müqəddəs Məryəm Ananın örnəyi bizə ilham versin, Ölümü və Dirilməsi ilə bizim günahımıza və ölümümüzə qalib gələn Rəbbə doğru yolumuzda bizi möhkəmləndirsin.
+ Vladimir Fekete, SDB
Bakı şəhəri, 1 mart 2020-ci il, Böyük Orucun I Rəbbin Günündə
